İşdən çox yorğun qayıtmışdı və hətta duş qəbul etmək belə istəmirdi, amma yaxşı anlayırdı ki, belə isti yay günündə yatağa tərtəmiz girməsə, bütün gecəni “oyaq yatmalı” olacaqdı. “Oyaq yatmaq” onun uydurduğu bir termin idi və narahat, yaxud tez-tez oyandığı gecələrə verdiyi ad idi. O düşünürdü ki, şəxsi həyatı və sağlamlığı ilə bağlı bu cür anomaliyalara ad qoyub onları terminləşdirmək çox vacibdir, çünki nəyisə anlamaq üçün əvvəlcə onu adlandırmaq, sonra müşahidə etmək lazımdır. Buna görə indi onun işi gecələr narahat yuxularını müşahidə edib heç olmazsa bir az da olsa onları anlamağa çalışmaq idi. Bununla belə, “oyaq yatmaq” haqqında çox az şey bilirdi, daha doğrusu, demək olar ki, heç nə öyrənə bilməmişdi. Son günlər hər şey onda idarədən çıxmışlıq və mürəkkəblik hissi oyadırdı. Qəribə bir kədər də özünü çox gözlətmirdi. Onun üçün hər şey artıq daha mürəkkəb idi. Hamam otağında get-gedə isinən suyun sədası altında öz-özünə düşünərək gülümsəyirdi: necə olur ki, “oyaqlıq” və “yatmaq” ...