Xırda-xırda doğranmış



İşdən çox yorğun qayıtmışdı və hətta duş qəbul etmək belə istəmirdi, amma yaxşı anlayırdı ki, belə isti yay günündə yatağa tərtəmiz girməsə, bütün gecəni “oyaq yatmalı” olacaqdı. “Oyaq yatmaq” onun uydurduğu bir termin idi və narahat, yaxud tez-tez oyandığı gecələrə verdiyi ad idi. O düşünürdü ki, şəxsi həyatı və sağlamlığı ilə bağlı bu cür anomaliyalara ad qoyub onları terminləşdirmək çox vacibdir, çünki nəyisə anlamaq üçün əvvəlcə onu adlandırmaq, sonra müşahidə etmək lazımdır. Buna görə indi onun işi gecələr narahat yuxularını müşahidə edib heç olmazsa bir az da olsa onları anlamağa çalışmaq idi. Bununla belə, “oyaq yatmaq” haqqında çox az şey bilirdi, daha doğrusu, demək olar ki, heç nə öyrənə bilməmişdi. Son günlər hər şey onda idarədən çıxmışlıq və mürəkkəblik hissi oyadırdı. Qəribə bir kədər də özünü çox gözlətmirdi. Onun üçün hər şey artıq daha mürəkkəb idi.

Hamam otağında get-gedə isinən suyun sədası altında öz-özünə düşünərək gülümsəyirdi: necə olur ki, “oyaqlıq” və “yatmaq” sözləri onun dünyasında belə rahat yola gedir? Yatmısansa, oyaq deyilsən. Oyaqsansa, yatmırsan. Bu cür fikirlərə “ayaqüstü fəlsəfə” adını vermişdi. Tez-tez belə düşüncələrə dalır, sonra unudurdu, amma sonda kor-peşman düşünürdü ki, gərək oturub bütün bu düşüncələri yazsın. Hər şey bir yana, cənab D.-nin həyatında oyaq yatmaq tez-tez baş verən hal idi. Gecə boyu bir neçə dəfə oyanır, ən xırda səs belə onu narahat edir, bütün əzələləri gərgin və ağrılı olurdu. Oyaq yatmağı heç sevmirdi, amma çox vaxt buna məcbur qalırdı. Dəqiq xatırlamırdı, amma bir neçə dəfə ucadan qəhqəhə çəkdiyini və ya hönkür-hönkür ağladığını da iddia edə bilərdi. Onun üçün çox şey artıq çox çətin idi. Hər şeyin niyə belə olduğu haqqında isə olduqca bulanıq təsəvvürləri var idi.

Ayaqüstü bu yaxınlarda baş vermiş xoşagəlməz bir olayı da xatırladı. Keçən günlərin birində iş yerində oturduğu anda birdən-birə “heç birinizi istəmirəm!”, “məndən əl çəkin!”, “bezmişəm!”, “əl çəkin, getmək istəyirəm, əclaflar!” deyə qışqırmışdı. Həmin dəqiqə bədənə düşmüş hansısa yad cismi, yaxud bakteriyanı zərərsizləşdirmək istəyən immun sistemi kimi iş yoldaşları üstünə şığıdı. Onu sakitləşdirdilər. Su verdilər, A4 kağızlarından yelpik hazırlayıb hava verdilər. Yavaş-yavaş sakitləşdi. Cənab D.-ni indiyə qədər heç kim belə görməmişdi. Əlləri əsə-əsə, dizləri bükülə-bükülə birtəhər ayaqyolunda əl-üzünü yudu, güzgüdə özünə baxdı, sakitləşdi. Görəsən, belə bir şey əvvəllər də onda olmuşdumu? Xatırlaya bilməməsi ona bir tərəfdən çox dəhşətli, digər tərəfdən isə məzəli gəlirdi. Yaxşı bir melodiya onu sakitləşdirə bilərdi. İş masasında qulaqcıqlarını taxıb qarşısına çıxan ilk musiqiyə qulaq asdı. Musiqi dinləməyi “tanrı ilə söhbət” adlandırırdı.

Bir neçə dəqiqə sonra dərin nəfəs alıb gözlərini açdı, qulaqcıqları isə boynuna endirdi. Ofisin real, boz mənzərəsi yenidən onun üzərinə çökdü. İş yoldaşları artıq masalarına qayıtmışdılar. Lakin arada ehtiyatla monitorların arxasından ona gözucu baxır, sanki yenidən “partlayıb” qışqırmaması üçün hərəkətlərini diqqətlə izləyirdilər. Cənab D. isə özünü heç vaxt indiki qədər yüngül və şəffaf hiss etməmişdi. Gizlicə gülümsədi. Barmaqlarını klaviaturanın üzərinə qoydu. Ekranda açıq qalan yarımçıq, cansıxıcı hesabata baxdı. Kursor qara ürək döyüntüsü kimi yanıb-sönür, sanki ondan bir qərar, bir həmlə gözləyirdi. Kursoru sənədin sonuna gətirdi. Bütün rəqəmləri, quru faktları bir kənara qoyub, böyük hərflərlə tək bir cümlə yazdı: “Mən hələ buradayam, amma bilin ki, mən artıq mən deyiləm.” Sonra pəncərədən görünən, şəhərin üzərinə çökmüş eyni rəngli səmaya baxdı. Qulaqcıqlarını yenidən taxdı və növbəti musiqini başlatdı. İndi nə edəcəyini, buradan hara gedəcəyini bilmirdi, amma bildiyi tək bir şey var idi: içindəki o yad cisim artıq oyandığı üçün onu heç bir A4 kağızı sərinlədə bilməyəcəkdi.

Bu gün isə o, sadəcə evə qayıdırdı və yenə bəzi şeylər haqqında fəlsəfi düşüncələrə dalmışdı. Məsələn, nəyə görə cəmiyyətdə kişilər sosial və iqtisadi yükü bu qədər çiyinlərində daşımalıdır? Görəsən, bütün bu çətinliklərə dözə biləcəkdimi? Bu qədər borc-xərc, yarımçıq işlər və bitib-tükənməyən istəklər sanki onu məzhəkəyə qoymaq üçün dəridən-qabıqdan çıxan bir varlıq tərəfindən sonu görünməyən, axmaq bir həyat yolu kimi qurulmuşdu. Əzab çəkirdi, buna başqa ad tapmaq olmurdu. Hələ bu azmış kimi, bomboz bir şəhərdə üstünə səhər-axşam bir yığın tanımadığı adam şığıyırdı. Onları görmək istəmirdi, amma onlar hər yerdə idilər: ictimai nəqliyyatda, iş yerində, alış-veriş üçün getdiyi dükanlarda. Cənab D. üçün onlar qətiyyən iyrənc deyildilər, amma onlardan heç vaxt özünə xeyir görməmişdi. Artıq ümid yeri qalmamışdı. Hər şey necə də mürəkkəb idi. Mürəkkəb idi, çünki hər şey idarəetmədən və nəzarətdən çıxmışdı, təsadüf isə at oynadırdı. Halbuki deyəsən, bütün bunların nə vaxtsa belə olmadığına dair isti xatirələri vardı. Çox vaxt özünü yorğun və halsız hiss edirdi. Ən pisi isə özünü qurban kimi dərk edirdi. Acizliyindən özünə yazığı gəlirdi. Bu isə ən pisi idi, dibi görünməyən quyuya yuvarlanmaq kimi idi. Onun əsl istirahəti hər vəchlə əldə etdiyi kiçik sükut anlarında gözlərini yummaq və bunun dadını çıxarmaqdan ibarət idi. Belə bir şeyi düşünməyi sevirdi: hansısa paralel dünyada indiki həyatının tam əksini yaşayan, zahirən eyni, lakin daxilən tam fərqli başqa bir cənab D. var. Onunla görüşməkdən məmnun olardımı, yoxsa yox?

Bütün bunlar beynində baş verərkən, o, bu gün evə girən kimi paltarını soyunub hamam otağına girmişdi. Həyat yoldaşı isə mətbəxdə nəsə doğrayırdı. Onu birbaşa görmədi. Heç salamlaşmadılar, vaxt yox idi. Axşam yeməyini yeyib bir-iki saata yuxuya getmək lazım idi. Çox vaxt bu yuxu gözlərinin ağrısını azaltmağa belə bəs etmirdi, amma yenə də başqa cür mümkün deyildi. Sonra salamlaşardı, vaxt itirmək olmazdı.

Evinə çatandan sonra həm də bunu anladı ki, uşaqlar həyətdə oynayırlar. Yay artıq bitmişdi. “Qoy oynasınlar”, – deyə düşündü. Yayın bitməsini havadakı qəribə, sərin meh hər axşam ona xatırladırdı. Cənab D. darıxırdı. Ailə-məişət yükü onu sıxır, acizləşdirirdi. Ona elə gəlirdi ki, yaxın günlərdə diz çökəsi olsa, bir daha ayaq üstə dura bilməyəcək. Yetkinlik illərini belə təsəvvür etmirdi. Yenə də o, oyaq yatmaqdan doğan narahatlıq yaşayırdı. Məyusluq ona çox tanış hiss olsa da, çalışırdı özünü çox vaxt tox saxlasın. Yox, düz edirdi, hamamda bu qədər vaxt keçirirdi. Sabah bu həftə ərzində altıncı iş gününə çıxacaqdı. Bircə bazar günü tez gəlsəydi, ya film izləyər, ya da məhəllədə veyillənərdi. O məşğuliyyətlər artıq enerjisini bərpa etmirdi. Elə qəribə bir enerji itkisi yaşamışdı ki, bu itki həyatda bir dəfə olur və geri dönüb baxanda həyat o itkidən öncəki və sonrakı dövrlərə bölünür. Beləcə, bütün ömür o enerjiyə dair nostalgiyadan ibarət olmağa başlayır. Sonra insan o enerjini ümidsizcə axtarıb tapmağa cəhd edir, amma heç vaxt ağlamağa cəsarət etmədiyi üçün cəhdləri yarımçıq qalır. Tükənmişlik – bunun başqa adı yox idi.

Gözləri yumulu idi, ilıq su isə bədənindən süzülüb gedirdi. Bir neçə saniyəlik də olsa, hər şeyi unutmağa müvəffəq olmuşdu. Bu, çoxdan gözlənilən rahatlıq idi. Birdən mətbəxdən gələn doğrama səsi daha da gücləndi. Artıq həyat yoldaşı təkcə hansısa tərəvəzi doğramırdı, sanki ortalığa çox sərt bir mövqe də qoyurdu. Nədənsə narazı idi. Bıçağı doğramaq üçün nəzərdə tutulmuş taxtaya elə bərk vururdu ki, az qala taxta ikiyə bölünsün, bıçaq isə sınsın, deyə təsəvvürü onunla oyun oynayırdı. Yoxsa nəyəsə əsəbiləşmişdi? Cənab D. xətakar adam deyildi, ona görə də bilmək olmurdu. Həm suyun səsi gur idi, həm də duş qəbul edərkən əlavə fərziyyələr irəli sürmək istəmirdi. “Qoy doğrasın”, – deyə düşündü. Bir az ucadan, bir az alçaqdan, əsas odur ki, yemək hazır olsun. Acmışdı, amma axşam yeməyinə həmişə ciddi yanaşırdı. Uşaqlarla olmasa da, çox vaxt həyat yoldaşı ilə eyni masada oturub gündəlik yeknəsəklikdən danışa-danışa növbəti günün planını beynində qururdu.

Bütün bunlar bir azdan. İndi isə bütün fikri-zikri həmişəki hamam adətlərinə cəmlənmişdi. Əvvəlcə saçlarını adi şampunla, sonra isə saç tökülməsinə qarşı olan xüsusi vasitə ilə bir neçə dəfə yudu. Təraş oldu, bir neçə dəfə bütün bədənini sabunladı və güzgüdə özünə tamaşa etməyə başladı. Di gəl ki, alınmırdı. Güzgü qırıq və çirkli idi. Hər dəfə yenisini almağa söz versə də, işlərin çoxluğu və yorğunluq hər şeyi korlayırdı. Yenə də özünə söz verdi ki, birisi gün yenisini alıb quraşdıracaq. Ən kədərlisi o idi ki, cənab D. güzgüdə başqa birini, daha xoşbəxt və xoş birini görmək istəyirdi. Son vaxtlar həyatında baş verən ən əsas dəyişiklik o idi ki, hər dəfə güzgüyə baxanda “Görəsən, mən kiməm?” sualını vermədən dura bilmirdi. Bəlkə də qırıq güzgü elə ən yaxşısı idi. Onsuz da görmək istəmədiyi bir kimsəni vəhdət halında görə bilmirdi. Deyəsən, bu, onu nədənsə sakitləşdirirdi.

Hamamda işini bitirdi, suyu bağladı, bir az qurulandı və dərindən nəfəs aldı. Mətbəxdən gələn doğrama səsləri isə kəsilmirdi, hətta bir qədər də şiddətlənmişdi. 
– “Görəsən axşam yeməyi üçün nə olacaq ki, xanım bu qədər çox doğramalı olur?” – deyə cənab D. təəccübünü gizlədə bilmədi. Ən əsası, nəyə görə bu qədər gecikib? Mən artıq çimmişəm, amma yoldaşım hələ də yeməyi bişirmək üçün nəsə doğrayır? Qəribədir. Qurulanıb bayıra çıxmaq istəyirdi. Marağı ona güc gəlirdi. Hamamda hər şey ürəyincə keçmişdi. Bundan sonra doyumlu bir axşam yeməyi lap yerinə düşərdi, amma di gəl ki bu belə görünmürdü. Deyəsən nələrsə yolunda getmirdi. Narahat oldu.

Bayıra addım atan kimi gözlərinə inanmadı. Hər tərəf al-qırmızı rəngdə idi, amma əvvəlcə elə düşündü ki, mətbəxin ya da dəhlizin işıqları sönüb. Sonra yapışqan və köpüklü nəyinsə yerdə və divarlarda hərəkət etdiyini, daha doğrusu axıb getdiyini gördü. Bütün bədənindən qarşısıalınmaz bir istilik qalxdı. Beyni dumanlanırdı. Bədəni öz-özünə hərəkət edirdi: əvvəlcə əllərini yapışqan divara söykədi, sonra mətbəx tərəfə baxdı. Orada yad bir şəxs, yəqin ki, kişi xeylağı var idi. Tökmə bədənli, üzündə qara maska, əlində isə nəhəng bıçaq. Bu şəxs o qədər iri yarı idi ki, az qala bütün mətbəxi bədəni ilə doldururdu. Mətbəxin dörd bir tərəfinə al-qırmızı nələrsə yapışmışdı. Diqqətlə baxanda anladı ki, bəzi hissələr barmaq, bəziləri iri dəri parçaları, bəziləri isə tanınmaz hala düşmüş başqa bədən hissələri idi. Cənab D. xanımının saçlarını mətbəxin lap ortasında hər şeydən seçə bildi. Bu, sadəcə dəhşətli idi. Qışqırmaq, həmin kişinin üstünə hücum etmək, onu məhv etmək, üz-gözünü cırıq-cırıq etmək istəyirdi. Uşaqlar? Uşaqlar harada idi? Onlar da bu dəhşətin içində idilər? Axı nə baş verirdi? Bütün bu olanlar nə demək idi?

Doğrusu, cənab D. düşmənli birisi deyildi. Bu nəhəng insan haradan gəlmişdi və kim idi? Niyə onun arvadını qurban seçmişdi? Bəlkə bu gün ofisdəki təşviş tutması kiminsə qəzəbinə tuş gəlmişdi və beləcə ondan qisas alırdılar? Üzündəki maskaya görə bu şəxsi sonradan tapıb cəzalandırmaq da mümkün olmaya bilərdi. Qorxurdu ki, birdən arxadan peyda olub onu da doğraya, ancaq elə bil bu şəxs də mənzildən tezliklə aralanmaq niyyətində deyildi. Orada dayanıb etdiyi əmələ kənardan tamaşa etmək sanki ona zövq verirdi. Heç nə başa düşülmürdü. Çox qəribə idi. Hərəkət etmək lazım idi. Maskalı şəxs isə sanki havada süzürdü. Bəlkə də o, ümumiyyətlə, mövcud deyildi. Olmaya kiminsə qəzəbli, zülmət kölgəsi bu cinayəti törətməyə özü müstəqil qərar verib?

Hamam otağının qarşısından mətbəxə tərəf şığımaq istəyərkən ayağı sürüşdü və cənab D. yerə yıxıldı. Yerdəki iri qan laxtaları adamı dəhşətə gətirirdi. Qəribə, üfunətli bir iy baş alıb gedirdi. Mədəsindən qalxan dəhşətli hiss ağlını başından almışdı. Qırıq səslə yalnız: “Bu nədir? Siz kimsiniz?”  deyə bildi. Öz səsini tanımadı, hətta kənardan bu səsi qadın səsinə bənzətdi. Səssizcə ağlayırdı, hərəkət etməyə gücü qalmamışdı. Pişik kimi büzüşüb bir küncdə gizlənmək, bundan sonrakı həyatının əks-sədası olacaq ağrı-acı ilə təkbətək qalmaq istəyirdi. Ona elə gəlirdi ki, əlləri ilə evin divarlarını özündən lap uzaqlara itələyə bilər. İlk dəfə idi ki, ona elə gəlirdi, bu mənzil canlı orqanizmdir və ürəyi tez-tez cənab D.-ninki kimi döyünür. Başa düşmüşdü ki, artıq nə edilibsə, heç nəyi geri qaytarmaq mümkün olmayacaq. Bununla yaşamağa çalışmaq lazımdır. Acizliyi dizlərində hiss edirdi. Bəlkə də hər şey yaxşı olacaq, bəlkə də xatirələrlə, yaxud xatirələrdə yaşamaq deyildiyi qədər pis deyil. Yerdə, qan laxtalarının arasında otura-otura qəribə bir şəkildə əsas gələcək haqda düşünürdü. Nə olacaqdı? Bundan sonra nə olacaqdı? Heç vaxt təsəvvürünə belə gətirə bilməyəcəyi bir şey baş verdi və həyatdakı bütün nikbinliyini yerlə-yeksan etdi.

Mətbəxdəki qaraltı ona tərəf dönəndə elə gəldi ki, gözlərindən işıq çıxır, qapqara maskanı şəffaflaşdırır. Bundan sonra baş verənlər onu lap çox heyrətləndirdi. Qatil açıq mətbəxdəki pəncərəyə yaxınlaşıb oradan aşağı atladı. Nə səs eşidildi, nə də reaksiya oldu. Hər şey bir anda baş verdi. Cənab D. heç nəyi qaydasınca dərk edə bilmirdi. Pəncərə məhəlləyə açılırdı və insanlar mütləq qışqır-bağır salmalı idilər. Ən əsası, uşaqlar həyətdə olmalı idilər. Ancaq heç nə baş vermədi. Qanad çalıb pərvazlandımı? Qeybə çəkildimi? Bəlkə kəndirlə evə dırmaşmışdı və onunla birlikdə aşağı enmişdi? Yaxud da yuxarı qalxmışdı? Mətbəxdə künc-bucaqdan damcı-damcı qan süzülür, divarlardan al-qırmızı, qatı qan axır, döşəmədə isə köpüklənirdi. Mətbəx artıq mətbəx olmaqdan çıxmışdı və cənab D.-yə elə gəlirdi ki, bu qatil onu çoxdan izləyir, yaxşı tanıyır. Ondan qisas almaq, ona dəyərli olan kəsləri əlindən almaq üçün ideal vaxtı seçmişdi. Onun üzünü görmək istəyirdi. Heç olmasa, xəyallarında ondan qisasını dəfələrlə, ən qəddar formada ala bilərdi. O, aciz idi, amma heç olmasa, bu acizliyinin öhdəsindən gələ bilərdi. Bu günah yuyulmasa da, kiçik və səssiz bir təsəlli ola bilərdi. Lakin həmin nəhəng insanın simasını görə bilmədi.

İki əli ilə başını tutmuşdu. Tez-tez nəfəs alırdı. Qorxurdu, amma gördüklərinə inana bilmirdi. Həyat yoldaşı xırda-xırda doğranıb mətbəxin müxtəlif yerlərinə səpələnmişdi. Mətbəx artıq əks-səda verən damcı səsləri, qəribə kəsif qoxusu və xırda qan gölməçələrindən ibarət bir məkan idi. Bu gün mətbəx ailə üzvlərinin aclığını yox, hansısa qara qüvvənin aclığını doyuzdurmuşdu. Cənab D.-nin xanımı artıq insan kimi mövcud deyildi. Onunla bağlı bütün xoş xatirələr gözünün qabağından axıb gedirdi. Axı onu sevirdi və bu həyatı da onun üçün yaşayırdı. Bəs bundan sonra nə olacaqdı? Ən əsası, bundan sonra o kim olacaqdı? Özünü hansısa quyunun dibinə düşmüş kimi hiss edirdi. Gözləri heç nəyi qaydasınca seçə bilmirdi.

Neçə dəqiqə keçdiyini bilmirdi, amma yavaş-yavaş ailə-məişət məsələləri beynində yenidən canlanırdı: xanımının qohum-əqrəbasına nə deyəcəkdi? Onları bunu başqasının etdiyinə necə inandıracaqdı? Ən pisi o idi ki, həmin nəhəng bıçaq mətbəxdə qalmışdı. Elə bil qan gölünün üstündə üzən gəmi idi, sahilə, cənab D.-nin ayaqlarına doğru istiqamət götürmüşdü. Elə bir lövbər atacaqdı ki, cənab D. həmin gəmidən də ağır nəsnəyə çevriləcəkdi. Cənab D. bəlkə də özünü bu qan gölündə boğmaq istəyirdi.

Ayağa qalxdı. Çılpaq olduğunu xatırladı. Hamam otağından çıxanda büründüyü dəsmalın da ortalıqda olmadığını gördü. Mətbəxin ortasında dayanmışdı. Gözlərini yumub dərindən nəfəs aldı. Daxilində səssiz-səmirsiz hayqırdı. Əmin idi ki, bu hayqırtı aləmin hər künc-bucağına çatıb. Bu, xilas bağırtısı idi. Elə həmin an kimsə onun çiyninə toxunub dərin quyunun dibindən dartıb çıxartdı. Geriyə çevrilib ona toxunanın kim olduğunu görməyə, bunu başa düşməyə çalışdı. Uzaqdan bir səs gəlirdi, bulanıqlıq azalırdı: 
 Oyan, adə oyan. Kabus görürsən, oyan – arvadı onu yataqda silkələyirdi.
Yataqdan dik atılan cənab D təngnəfəs olmuşdu. O qədər tərləmişdi ki, kənardan baxan elə bilərdi, yatağına vedrə-vedrə su tökülüb. Ətrafı pis seçilirdi, yüngül yuxu iflici yaşayırdı. Səhər idi, yoxsa gecə? İşə gecikmiş ola bilərdi. Həyat yoldaşı yanında olsa da, o hələ də kabusun təsiri altında idi. Getdikcə sakitləşirdi, sevinirdi ki, hər şey sadəcə qorxulu bir yuxu idi. Ona elə gəldi ki, kabus vaxtı nəsə qəribə seçim etmişdi və bundan sonra həmin seçimin nəticələrinə qatlaşaraq yaşamalı idi. Bədənini hərəkət etdirə bilmirdi.
Nə gördün? Nə oldu? – deyə yoldaşı ondan soruşdu.
– Heç nə. Qarmaqarışıq, qan-qada, xaos gördüm. Dəhşət idi. Çox inandırıcı idi. Nə edəcəyimi bilmədim. Yox…
Başını balışa uzadıb, öz-özünə anlaşılmaz şəkildə dodaqaltı nəsə deyinməyə başladı. Kənardan baxan onu xəstə saya bilərdi. Yavaş-yavaş toxtayırdı. Gözləri ətrafı daha aydın seçirdi. Harada olduğunu və özünü necə hiss etdiyini indi daha yaxşı təsəvvür etməyə başlayırdı. Az qala adını da unutmuşdu. “Belə kabus olar?” deyə düşünməyə bilmirdi. Yox, bu yuxu deyildi, bəs nə idi?

– Oldu, keçdi. Yat. Səhər işə getmək lazımdır, sonra səni oyada bilmirəm. Tez elə, yat, yuxula, – deyə həyat yoldaşı onu məzəmmət etdi. Cənab D. üçün bütün bu olanlardan sonra həyat yoldaşı o qədər yad olmuşdu ki, onun yanında bir saniyə belə qalmaq istəmirdi, amma yaxşı başa düşürdü ki, əslində düz deyirdi. Səhər işə getmək, sonra isə işdən gəlmək lazım idi. Bütün bu çərxi-fələk üçün isə yuxusunu almış olmaq əsas şərt idi, ancaq yenə də bu gecə onunla arvadı arasına qəribə yadlıq toxumu səpildi. Çox istəyirdi ki, yuxusunu ona danışsın, təsəlli tapsın, qorxuları ona güc gəlməsin. Ancaq bunu edə bilməzdi. Arvadı onu səhv anlaya və dişinin dibindən çıxanı deyə bilərdi. Gecə-gecə belə bir dava-dalaş gərəksiz idi. Mənzərəni kədərli edən isə o idi ki, hətta qorxulu yuxuları da qəbul etməyə hazır olan bir şəxslə ailə həyatı qura bilməmişdi.

Cənab D. həmin gecə nə qədər çətin olsa da yenidən yuxuya getdi. Yuxusunun dərinliyində mətbəxdən gələn doğrama səsləri bir daha eşidildi – bu dəfə ritmi ürək döyüntülərinə calanmışdı. Hər dəfə nəsə doğrananda sanki içində nəsə yerlə-yeksan olurdu. Yenə hamam otağında idi, əlləri sabun köpüyünə bulaşmışdı. Doğrama səsi indi onu daha çox qorxudurdu. Düşündü ki, gözlərini yumsa, bəlkə hər şey yenə keçib gedər, amma bu halda çox qala bilmədi. Gözlərini açanda həyat yoldaşı başının üstündə dayanmışdı, sakitcə gülümsəyirdi, gözlərinin dərinliyində pəncərənin soyuq işığı çaxırdı. Yavaşca ona tərəf qanrıldı:
“Oyaq yatma”, – pıçıldadı və bıçağın isti sapını onun ovucuna qoyub əlləri ilə bərk-bərk sıxdı. Bütün gücünü də ona təhvil verdi. D. əllərinə baxdı: sabun köpüyü qatı qana çevrilmişdi, dolabın güzgüsündən isə ona qara maskalı biri baxırdı. Və o an anladı ki, bu dəfə artıq oyanmayacaq.

Sentyabr 2025, Bakı
Qeyd: Bu hekayə müəllifin orijinal ideyası və təxəyyülünün məhsuludur. Reallıqla üst-üstə düşən istənilən məqam tamamilə təsadüfidir.

Comments

Popular posts from this blog

Yerdəyişmə Qanunu

Həndəsi Şahid

Bir nəfərə məktub var