Yerdəyişmə Qanunu
Əsərin baş qəhrəmanlarının çox vaxt belə fikirləri olur ki, onlar çox-çox sonralar indi yaşadıqları mübarizəni bir daha film kimi izləyəcəklər, bütün dünyaya nəsə ibrətamiz dərs verəcəklər. Beləliklə, müşahidə edən müşahidə edilənə çevriləcək, sonra bəzi şeylər gün üzünə çıxacaq, aydınlaşacaq və yeni şeylərə ilham mənbəyi olacaq. Əsas da mühakimə olunduqları anlar, həmin anlarda üzlərinə vuran qaynar qan, demək istəyib deməkdən çəkindikləri şeylərin verdiyi hisslər yenidən canlanacaq.
Mən paralel dünyalara sidq-ürəkdən inanıram. İnanıram ki, hansısa paralel dünyada baş qəhrəmanlar həmişə qələbə qazanırlar. Həmin dünyada o qəribə müdrik səs də yoxdur. Əsərin baş qəhrəmanları heç vaxt özlərini tək-tənha hiss etməyiblər. Onlar özlərini dünyanın mərkəzi kimi də başa düşməyiblər. Səmimi olublar və həqiqətən də dünyanın mərkəzi olublar. Bəlkə də bir qədər təkəbbürlü olmaları onların əsas çatışmazlığı kimi görünə bilər, amma yenə də əsas olan qələbə qazanmaqdır. Elə deyilmi?
Deyəsən, bu gün səhər mən əsərin baş qəhrəmanı olmağı seçdim. Bir növ, bu mənəvi borc kimi idi. Axı uzun müddət idi ki, səssiz-səmirsiz qalaraq özümü bütün bu olacaqlara hazırlayırdım. Bunu etməsəydim, özümü bağışlaya bilməzdim. Gec-tez hamımız özümüzə hesabat verəcəyik, elə deyilmi? “Həyatın boyu sən yaddaqalan nə etdin?” sualı mütləq veriləcək, bundan əminəm. Əlavə olaraq, onu da deyim ki, bu seçimin verdiyi hiss və həyəcanı yaşamaq da hamıya qismət olmur. Özümü aldatmaq istəmirdim. Olacaqları çox yaxşı təsəvvür edə bilirdim. Həmin o qəribə ün, o olacaqlarsız həyatımın mənasızlığını mənə olduqca pis formada izah edirdi. Səs məni iyrəndirirdi. Hər dəfə onu eşitdikcə əmin olurdum ki, mən düz yoldayam. Mən də bundan çox qorxurdum. Ən azından günahkarları kənarda görmək üçün özümün nəsə bir əməl sahibi olmağımı məqsədəuyğun sayırdım. Odur ki, yola çıxmazdan öncə öz-özümə cavabını tapmamaq ümidi ilə sual verdim: faciələr necə baş verir?
Birotaqlı kiçik evimin pəncərəsi olduqca məşğul bir prospektə açılırdı. Hər səhər redaksiyaya getməzdən öncə, əlimdə adımın baş hərfi yazılmış fincanı bərk-bərk sıxıb istisinə isinməyə çalışaraq, ora-bura var-gəl edən insanları beş-on dəqiqə izləyirdim. Faciələr necə baş verir? Pəncərədən gördüklərim faciə idimi? Günün 10-11 saatını özünü məşğul göstərmək üçün dəridən-qabıqdan çıxan insanlar heç bilmirdilər ki, kimdirlər və nə üçün bu dünyaya gəliblər. Hər səhər “insan insan olmağın əsiridir” sitatını sarımtıl taxta çərçivədən oxuyurdum. Bunu mənə yaxın dostum söhbət əsnasında demişdi və çox xoşuma gəlmişdi. Aforizm və maraqlı ifadələrin toplayıcısı kimi qərara almışdım ki, iş masamın yanındakı divardan bunu asım və mümkün qədər tez-tez ona baxım. Yenə də soruşuram: faciələr necə baş verir?
Sualın cavabını yaxşı bilsəm də, fikrimi ifadə edə bilmirdim. Bu, o qəribə suallardan idi ki, öz-özümə cavabını tapmaq üçün verməmişdim. Düzdür, boz şəhərin məşğul insanları mənə faciə haqqında fikir versələr də, mən onun daha ümumi mahiyyəti ilə maraqlanırdım. Elə bir tərif və ya izah axtarırdım ki, onu həmişə, hər yerdə, hamı ilə və bütün digər şərtlər altında istifadə edə bilim.
Bəlkə də bu sualla məqsədim, daha çox, fiziki olaraq var olduğumu özümə xatırlatmaq idi. Açığı, bəli, son günlər hiss edirdim ki, bütün dünyaya var olduğumu hayqırmaq ehtiyacı günbəgün artır. Bu da məni qorxudan başqa bir məsələ idi. Uşaqlıqdan bəri nəyə görə başqalarının təsdiqini gözləyə-gözləyə bu günlərə gəlib çıxmışdım? Daxilimdə mübarizə aparan bu gərginlik məndən nə istəyir? Daxili sülh üfüqdə görünmür. Həzin bir səhər yaşamaq üçün nələri qurban verməli idim? Suallar yeni suallar doğururdu. Ora-bura qaçışan insanların hərəkəti yol çəkən gözlərimin ətalətini pozsa da, bu gün özümü yorğun hiss edirdim. Hava soyuq idi və isti yataqda lazım olandan çox yatmağın necə böyük xoşbəxtlik olduğunu düşünürdüm. Evə tez gəlsəm, bol-bol yatacağam, əlimdə olsa, şirin yuxular görəcəyəm deyə düşünməyə bilmirdim. Hər şey çox çətin və mürəkkəb gəlirdi.
Boz şəhərin darısqal küçələrini gəzə-gəzə mənzil başına çatmaq üçün yola çıxdım. Adətən mətbuat konfranslarının keçirildiyi zala gedirdim. Burada həm işimi görməli, həm də öz həqiqi mənəvi təyinatımı bütün dünyaya sübut etməli idim. İşimi indiyə qədər hər gün etmişdim, bu gün isə fərqli olacaqdı. Yeridikcə addımlarımı daha kəskin atırdım ki, ən azından ayağımın altındakı qürurlu yollar varlığımdan xəbərdar olsunlar. Hər addımım həm də öz kiçikliyimi xatırladırdı. Elə bilirdim ki, özümə yuxarıdan baxıram, ya da yuxudayam, bütün bunlar həqiqi deyil, ya da film izləyirəm. “Kiçik insanlar” deyə məsxərəyə qoyan həmin o qəribə ünü artıq eşitməzlikdən gələ bilmirdim. Nədənsə bu ifadə hər dəfə qeyd olunanda beynimdə səslənir və dəfələrlə təkrarlanırdı. Neçə gündür ki, beynimin içində baş verən kiçik bir fırtına bu fikirlərlə üst-üstə düşəndə bir yerdə oturmağa qoymurdu, amma bilirdim ki, təmkinli olmalıyam. Bu gün mən sual verəcəkdim. Özümə yox, antaqonistə.
Yol boyu oyuncaq dükanı, restoran, ərzaq dükanı və xırdavat kimi obyektlər bir-birini əvəz edirdi. Oyuncaq dükanında pəncərə önünə düzülmüş müxtəlif oyuncaqları görəndə bir anlıq vaxtilə bu dünyaya uşaq gözü ilə baxdığımı xatırladım. O günlərin xoş və isti xatirələri varlığını hiss etdirdi. Təəssüfləndim ki, bütün bu yetkinlik dövrümdə bir dəfə də olsun yenidən uşaqlaşa bilmədim ki, boz şəhəri bir daha al-əlvan görə bilim. Bəlkə də, başlanğıc üçün bir oyuncaq almalı idim. Amma başqa vaxt. Başımı qaldırıb irəli baxanda gördüm ki, mətbuat konfransının keçiriləcəyi binaya artıq çatmışam. Binaya daxil olmamışdan əvvəl pilləkanların üzərində bir anlıq dayanıb geriyə baxdım. Bu baxışlarda bütün günü düşündüklərimi nəyə görə düşündüyümü anlamaq sualını görmək olardı. Vəziyyət cavabsız tapmaca kimi, yaxud da kiçik bir detalını itirmiş və işləməyi dayandırmış qol saatı kimi idi.
İçəri keçib gödəkçəmi təhvil verdim və qeyd dəftərçəmlə bitmək üzrə olan diyircəkli qələmimi özümlə apardım. Nisbətən kirli qırmızı xalının üzərində yerimək adama xüsusi hiss verirdi. Girişdə təhlükəsizlik işçiləri üst-başımı diqqətlə yoxladılar, sonra isə boynumdan asmaq üçün ağ rəngdə xüsusi plastik kart verdilər. Orada ad və soyadım yazılmasa da, lazım olan texniki vasitələrlə kimliyim hansısa ekranlarda əks olunacaqdı. Sarımtıl kənarları var idi və üzərindəki boz ləkələr bu kartın məndən əvvəl də bir neçə dəfə istifadə olunduğunu göstərirdi. İçəri daxil olan kimi mülayim hava axını hiss etdim və zalın qaranlıq olduğunu gördüm. Deyilənə görə, antaqonist olduğu yerlərdə işıqlı mühiti sevmirdi. Yəni işıq onun üzərinə düşə bilərdi, ancaq qarşısındakını qaranlığın fövqündə görməyə alışmışdı və hər yerdə çalışırdılar ki, qapalı məkanlar məhz onun istədiyi kimi olsun. Axı o, antaqonist idi!
Lazım olan anı gözləmək üçün zalda ora-bura gəzişib, pəncərə kənarında qərar tutdum. Pəncərənin o tayında göz gördükcə uzanan yağışlı yollara baxdıqca adamın içinə üşütmə düşürdü, amma digər tərəfdən zalın isti hənirtisi insanı xumarlaşdırırdı. İçəridə yalnız güvən və hüzurun təxmini varlığı hiss olunurdu. Hamı sevinirdi ki, bu gün o günlərdəndir, hər kəsin az da olsa antaqonistlə söhbət etmək imkanı yaranıb. Müəyyən suallar veriləcək, müəyyən cavablar alınacaq və həmin anın sehri uzun müddət yaddaşlarda qalacaq. Fotoşəkillər çəkiləcək, video-materiallar təhlil ediləcək, eləcə də sürətlə əldən-ələ keçəcək. Baxmayaraq ki, hər şey plan üzrə gedəcək, heç nə cızığından çıxmayacaq. Başqa sözlə, hamı hər şeyi öncədən bilirdi, gözlənilməzliyin, qeyri-müəyyənliyin və ya başqa hansısa riskin varlığı istisna deyildi. Yenə də heç kim uzaqlarda var-gəl edən ilahi qüdrətin iradəsinə tabe olmağın verdiyi dərin həzzdən kənarda qalmaq istəmirdi. Sevinənlər arasında bəlkə də bir anlıq mən də var idim, çünki özümü xüsusi hiss etmək üçün əlimə yaxşı fürsət düşmüşdü. Axı bu səhər baş qəhrəman olmağı seçmişdim, elə deyilmi? Ən əsası isə, mənə icazə verilmişdi. Axı icazəsiz biz kimik ki, antaqonistin zühuruna çıxıb, ondan nəsə soruşmağı özümüzə layiq bilək, buna cəsarət edək? Sözləriniz dəyərsizdir, əgər onları antaqonist eşitməyibsə.
Deyilənə görə, bu icazə onlarla qərarverənin qələminin altından keçmiş, bir xeyli çək-çevir edilmiş, əvvəlcə inkar, sonra təsdiq proseslərindən süzülmüş, sonda isə keçmişlə gələcəyin arasında lazım olandan çox ilişməsin deyə, mənə verilmişdi. Axı mən buna layiq idim, elə deyilmi? İndiyə qədər hamının sözü ilə oturub-durmuş, bir sözü iki etməmiş, artıq işləri görmüş, hamını sevindirməyə çalışmışdım. Hamının dostu olmağa çalışaraq, qəlbimdə özüm-özümə qanlı düşmən yetişdirmişdim. Hamının dostu olsam da, özüm öz gözümdə kiçilmişdim. O qədər kiçilmişdim ki, bəzən elə gəlirdi ki, çöl-bayırda gəzəndə bütün digər insanlar məndən qat-qat daha nəhəng varlıqlardır və gec-tez onların ayaqları altında əzilib qalacam. Ən pisi isə unudulacam. Müəyyən mənada buna layiq idim də. Necə ki, bu gün bu xüsusi icazəni almağa layiq idimsə, boz şəhərin küçələrində əzilib bir ət parçasına çevrilməyə də layiq idim. Onsuz da o nəhənglərin gözlərinə dik baxmağı heç vaxt bacarmayacaqdım. Hər şey bu qədər sadə idi. Qeyd dəftərçəm və diyircəkli qələmimi yoxlayıb bütün fikrimi və zikrimi zala geri gətirdim. Dərindən nəfəs aldım, ətrafı daha diqqətlə müşahidə etməyə başladım.
Ehtimal edirdim ki, bütün iştirakçıların eynilə mənim kimi böyük ehtimalla seçildiyi heç kimə sirr deyildi. Yerdə xalçanın əyri dayanmasından tutmuş, tavandakı təsadüfi ləkələrə qədər hər şey nəzərə alınmışdı. Mümkün bütün təhlükələrin, risklərin və xoşagəlməz anların ehtimalı hesablanmışdı. Bu gün bu zalda riyaziyyat mütləqi- hakim idi. Əgər zala daxil olan çəlimsiz bir milçək kiminsə burnunu gicişdirib onu asqırtsa, ətrafa yayılacaq hava-damcıların dəqiq miqdarı və zalın mikroiqlimində yaradacağı dəyişikliklər də hesablanmışdı. Hər şey qaydasında gedəcəkdi. Necə ki, indiyə qədər gedib. Ona görə də hamı bir-birinin simasını görəndə gülümsəyir, bəzən Düşen təbəssümünü əskik etmir, şüuraltı olaraq bilirdi ki, zalda bir-birindən fərqli kimsə yoxdur, hamı eynidir, hamı ən azı çox az fərqlənir. Sanki iştirakçılar hansısa eyni bir şeyin tərkib hissələri idi və bu çox məmnunedici idi. Ona görə də havada qəribə rahatlıq hökm sürürdü. Onun qəribə qoxusu və xoş hənirtisi var idi. Hər dəfə bunu xatırladıqca, həmin fərdlər onları rahatlaşdıran müəzzəmliyi xatırlayır və onun yoxluğunu lənətləyirdilər.
Ani yaranan xəfif sükutun aramızdan sivişib keçməsindənmi, hansısa görünməz gücün iştirakçıları yerlərinə otuzdurmasındanmı, yoxsa başımızın üstündən hansısa qüdrətli gücün zəhmindənmi, hamı başa düşdü ki, antaqonist gəlib çıxdı. Düzü, bilmədik o, necə gəldi. Deyəsən əvvəlcə haradasa gözləyirdi. Zalın qapısını görürdüm, qapılar bağlı idi. Nədənsə elə gəlirdi ki, o qapının arxasında dimdik dayanıb düz mənə baxır. Haradan zala daxil oldu, neçə addım atdı və bizləri görəndə simasındakı ifadə nə oldu, bilmədik. Heç nə hiss etmədik. Öz-özümə düşünürdüm ki, böyük bir əl onu zalın içərisinə üstdən elə qoydu ki, heç kim heç nə bilməsin. Bir sözlə, o, peyda oldu.
Əynində sarımtıl sviter, qəhvəyi şalvar, qolunda isə həmişəki kimi qızıl saat vardı. Saata gözucu baxanda onun tıqqıltısını da eşitmək olardı. Bir qədər gözlədi. Sonra sevimli mahnısı səsləndi. Bu mahnını hamı əzbər bilirdi. Adı belə idi: Qorxmağa artıq heç nə qalmadı. Deyəsən, mahnını eşitməkdən çox məmnun idi. Sonra ona ayrılmış, böyük taxt-tac kimi oturacağa tərəf yönəldi, yeyin addımlarla bir neçə saniyə özünə əziyyət verdi və yerində oturdu. Dərhal üzünü bizə tutub gülümsədi, vaxt itirməməli olduğumuzu deyib salam verdi. Biz də salamlaşdıq. Çox keçmədi, iştirakçılardan biri son günlərin ən aktual mövzularına dair sual verib antaqonistin fikrini öyrəndi. İkinci və üçüncü suallar da oxşar məcrada davam etdi. İlk suallar çox cansız və ruhsuz idi. Auditoriyada canlanma özünü çox gözlətmədi. Otaq daha da isindi. Pəncərədən kənardakı dünya beynimizdə daha da soyuq dərk edildi. Qara buludlar, uzaqda ildırımlar çaxdı. Bir neçə dəqiqə sonra növbənin mənə çatacağını xatırlayanda alnımda soyuq tər puçurları yarandı. Əlim əssə də, özümü itirmədim, qeyd dəftərçəmi açdım, zalın arxa tərəfində dayanan qəribə kölgələrə baxıb köks ötürdüm. Bilmirəm bunu niyə etdim, amma bədənimdəki gərginlik dayanmadan artırdı.
“Buyurun, cənab P., sizin növbənizdir”, – ön cərgədəki moderator titrək səsi ilə mənə işarə etdi və ardınca çoxsaylı Düşen təbəssümləri zalın hər tərəfindən məni görünməz busələrə qərq etdi. Onların hənirtisini hiss etmək xoş deyildisə də, nə yalan deyim, bir anlıq özümü çox xoşbəxt hiss etdim. Sanki hər şey yaxşı idi, sanki istədiyimizə nail olmuşduq. Mən harasa aid idim və yalnız deyildim. Bəlkə əsl sualın əvəzinə başqa sual verim? Elə bir sual ki, günü bizim üçün daha da isti etsin? Mənə elə gəldi ki, gözlərimi indi qapasam, məni öz içinə dartıb aparan qumluqda görəcəyəm.
İştirakçıları və moderatoru çox gözlətmədən ayağa qalxdım, adətim üzrə qeyd dəftərçəsini oturacağın üzərinə qoyub, sağa, sonra sola baxıb, mikrofonu əlimə aldım. Uzaqdan gələn az-maz səs-küy səngidi və mən sualımı verdim:
- Üzr istəyirəm, mən Cənab P-yəm, “Qumluq” qəzetindən. Sualım belədir ki... – deyib yenidən fasilə verdim. Bir anlıq özümü çox yorğun hiss etdim. Sanki arxadakı kölgələr də hərəkətə gəlmişdi. Dizlərim əsdi.
- Bəli, sualım belədir ki... – çox qəribədir, axı niyə sual verə bilmirdim? Elə bil, hər dəfə sual verəndə səsimi texniki qurğulardakı kimi aramla azaldırdılar. Axı bilirdim ki, bu gün mən sual verəcəyəm.
“Sualım budur ki...” – deyəndən sonra nəsə məni böyrəyimdən vurdu. Vurulma anından dərhal sonra xeyli müddət nəfəs ala bilmədim. Məni vuranın nə olduğunu bilmədim, çox güman ki, heç vaxt da bilməyəcəkdim, ancaq bir şeyi başa düşdüm: mən üzü tavana doğru uzadılmış formada qapıya tərəf tələsik addımlarla hərəkət edən kölgələr tərəfindən aparılırdım. Hərəsi bədənimin bir tərəfindən yapışmışdı: ayaqlarımın biri birinin qucağında, digəri başqasının əlində. Qəribə olsa da, özümü yenə də çox rahat hiss edirdim. Bütün hiss-həyəcanım yoxa çıxmışdı. Bir sözlə, hər şey şəhanə idi, lakin əlimdə bərk-bərk tutduğum mikrofonu görəndə vermək istədiyim sual yadıma düşdü. Saniyələrdən də kiçik zaman axınlarında mənə nəfəsim qədər yaxınlaşan o ün: “qoy səsin eşidilsin!” dedi. Nə əcəbsə, mikrofonu əlimdən ala bilməmişdilər. Yəqin etdim ki, kölgələr ancaq daşıyıb aparmağı bacarır, belə xırdalıqlara fikir verməyə öyrəşəcək qədər müfəssəl deyillər. Bayaqkı ildırımlar kimi çox cəldliklə onu ağzıma tərəf çəkib var gücümlə qışqırdım: Cənab antaqonist! Doğrudurmu ki, siz əsl antaqonistin oxşarısınız, özü deyilsiniz?
Zalda hamı nəfəsini dərib qapıya tərəf dəhşət dolu gözlərlə baxdı. Mən ağrı və acı toxumunu bayaqdan xoş hisslərdə üzən beyinlərə səpmişdim. Deyəsən, kimsə mənə tərəf söyüş söydü, kimsə qarğış etdi, kimsə də sadəcə sakitcə öz daxilində acıladı. Bəzi qadınlar qışqırdı. Gənclər arasında mənə tərəf qaçanlar da oldu. Yəqin yumruq-təpik vurmaq istəyirdilər. Harada idi o bayaqkı Düşen təbəssümləri? Əvəzinə qəzəbdən qıpqırmızı olmuş sifətlər və sezə bilmədiyim başqa hisslərin ünsürləri ilə zənginləşmiş simalar qəzəbli baxışlarla mənə baxdı. Onlar da kölgələrini mənə tərəf yönəldirdilər, ancaq onların kölgələri cənab antaqonistin kölgələrindən güclü ola bilməzdi və özlərindən çox kənara çıxa bilmirdi. Çox keçmədi, əksəriyyəti tələm-tələsik nəzərlərini məndən çəkdi. Yaxşı bilirdim ki, adətən belə qulbeçə kölgələrin zərəri ancaq öz sahiblərinə dəyir. Bir neçə kölgənin arasında havada asılmış kimi yellənə-yellənə danışırdım.
Zalın çıxışında mikrofon əlimdən düşdü. Yəqin ki, kimsə onu tapacaqdı. Axı bu gün sual vermək istəyənlər çox idi, mikrofonsuz isə mümkün deyildi, bu vacib alət idi. Mən də vacib idim, çünki aylarla heç kimin vermək istəmədiyi sualı verdim. Qorxuları yuxudan oyatdım. Məni isə hələ də daşıyıb aparırdılar. Sağ əlim qeyri-iradi hərəkət edirdi. Elə bilirdim, nəsə yazmaq istəyirəm. Bütün bu olanlardan sonra, axı bu mənim əsas işim idi. Görünür, qorxudan yeganə yaxşı bacardığım işi görməməyin nisgilini çəkirdim. Bəlkə də yaxşı bilirdim ki, bir daha bunu edə bilməyəcəyəm. Hazırda isə bu mümkün deyildi. Hər şey bu qədər sadə idi.
Bir də deyim ki, uzun müddətdir belə bir şəhər əfsanəsi dolaşırdı: qəhrəmanı olduğumuz bu tamaşanın antaqonisti artıq həqiqi antaqonist deyil, onu kimsə nə vaxtsa, necəsə əvəzləyib. İş orasındadır ki, biz fərqi hiss etmirik. Zahirən yenisi də, köhnəsi də eynidir. Yerdəyişmə qanunundan istifadə edənlər üçün oxşarlıq öhdəsindən gəlinən çox bəsit bir çətinlikdir. Yerdəyişmə qanunu da bütün kainatı ayaqda saxlayan, hər şeyi qayda-qanuna tabe edən, ancaq xoşbəxtlik yaradan çəhrayı enerjinin övladı idi. Onu yalnız dərin dünyagörüşünə, biliyə və təkrarsız ruhi dünyaya sahib olanlar istifadə edə bilirdilər. Antaqonistin özü bu sualı eşidəndə bir qədər gülümsədi, amma qəlbinin dərinliyində acı həqiqət onun əhvalına soğan doğradı. Bir müddət masanın arxasında başını aşağı salıb ayaqqabılarının çirkli olub-olmadığını yoxladı. Sonra başını qaldırıb hamıdan bircə sual soruşdu: Harada qalmışdıq? Onun saxta gülümsəmələri insanları ələ salır, onları aşağılayırdı. O, olduğu auditoriyalara heç vaxt hörmət etmirdi. Bu gün də istisna deyildi.
Antaqonistin həqiqiliyi mənim üçün o qədər önəm qazanmışdı ki, daxilimdə bir ün yaratmış və məni baş qəhrəman olmağa cəhd etməyə vadar etmişdi. Mən həqiqətin yerdəyişmə qanunu ilə məhv edilməsini qəbul edə bilmirdim. Yenisi köhnəsini əvəzləmişdisə, biz bunu bilməli idik. Əks halda, bütün bu olanların mənası nə idi? Yerləri dəyişdirilənlər niyə bu haqda danışmaqdan çəkinirdi? Sualların, yoxsa başqa bir şeyin zülmət quyusunda getdikcə dərinləşirdim. Geriyə yol yox idi. “İnsan insan olmağın həmişə əsiri olacaq.” Bu, məni ilk dəfə sevindirirdi, çünki mübarizə aparmaqla mütilik arasında heç vaxt sülh olmayacaq, narahat qəlblər qəflət laylasına yuxuya getməyəcəkdi. Yerdəyişmə qanunu göründüyü qədər qüdrətli deyil! Ona qalib gəlmək mümkündür!
Özümü xatırlayandan bəri bütün bu olanlardan sonra bircə onu başa düşdüm ki, antaqonistin özünə bu sualı verdiyimə görə çox sevinirdim, həm də çox. İndi o, öz yalanlarına davam edirdi və ən pisi o idi ki, həm bundan həzz alır, həm də onlara özü də inanırdı. Bəlkə də, mənim bu sualım neçə-neçə yeni suallara ilham mənbəyi olacaqdı, amma indi yox. Bəlkə də, o fotoşəkillərdə və videomateriallarda bu sualın izləri az da olsa qalacaqdı, ancaq yenə tək idim. Qərinələr sonra həqiqət carçıları zərrəcikləri bir yerə toplayıb sınmış güldanı düzəldəcəklər. Bax onda, mənim də adım o güldanın üzərində olacaq. Ruhum da şad-xürrəm olacaq ki, elan etdiklərim hələ neçə-neçə gül-çiçəyə güldanlıq edəcək. Çünki mən azadlığın necə bir şey olduğunu unutmaq qərarını verənlərdən deyildim və boz şəhərdə şüursuz ora-bura qaçışmaqdan kənara çıxmağı seçmişdim. Azadlıq, bax, bu iki əlimə sığışacaq qədər balaca, hamını mənə düşmən edəcək qədər hikkəli, ayağımı yerdən kəsəcək qədər yüngül idi. Mən əsərin qəhrəmanı olmağı seçdim, amma minlərlə obraz ikinci və üçüncü dərəcəli olmaqla antaqonistin kölgəsində qəflət yuxusunu hər şeydən üstün tutdular. Bu gün onları qınamamalıyıq, amma sabah haqqında bir söz deyə bilmərəm. Kölgələr onların səsini sıradan çıxarır, gözlərini qapayır, qulaqlarına isə yalanlardan hörülmüş nəğmə oxuyub səfeh röyalarda azdırırdı.
Biz hansı əsərin qəhrəmanı idik? Bu isə cənab antaqonistin cavablandıra bilməyəcəyi sual idi və ehtimal edirdim ki, özümü o sualı da tezliklə verə biləcəyim bir qüdrətin qarşısında tapacaqdım. Getdikcə bütün səslər, rənglər və hisslər məndən uzaqlaşırdı. Bundan sonra nələr oldu, deyə bilmirəm. Mənim yolum burada bitdi...
İlkin əlyazma: 20 Aprel 2020, Bakı
Redaktə və əlavələr: Fevral-May 2026, Bakı
Qeyd: Bədii hekayə tamamilə müəllifin təxəyyülünün məhsuludur, real həyatda rast gəlinən və ya real həyatla üst-üstə düşən hər hansı detal təsadüfidir.

Comments
Post a Comment