Gözlənilməz Həmsöhbət
Bir neçə dəqiqə şəhər telefonundan istifadə etdim. Kimlə danışdığımı deməyəcəyəm. Sonra eyvandan baxdım. Mətbəxə qayıdanda şəhər telefonunun dəstəyini asmadığımı və telefondan qəribə, fasiləsiz bir səs gəldiyini eşitdim. Bir az gözlədim və həmin o qulaqbatıran səs kəsildi. Dəstəyi əlimə alıb telefonu söndürmək istəyəndə, birdən kiminsə səsi gəldi. Qadın səsinə bənzəyirdi. Aramızda qəribə bir dialoq baş verdi.
– Alo? Salam, zəhmət olmasa dəstəyi asın – dedi sintetik qadın səsi.
– Salam. Kimdir danışan?
– Vətəndaş, xahiş edirəm, dəstəyi asın, dövlətin resurslarını israf etməyin.
– Anlamadım. Nə demək istəyirsiniz? – təəccübümü gizlədə bilmirdim.
Həqiqətən də anlaşılmaz bir vəziyyət idi. İlk dəfə idi ki, şəhər telefonundan istifadə etdikdən sonra kimsə belə bir səbəblə əlaqə saxlayırdı. İndiyə qədər nə öz başıma gəlmişdi, nə də başqasından eşitmişdim. Bu anın çaşqınlığı içində nə edəcəyimi bilmirdim, amma görünür, gözlənilməz ünsiyyəti davam etdirməli idim.
– Siz bir neçə dəqiqə əvvəl telefonla danışmısınız, amma dəstəyi asmağı unutmusunuz. Odur ki, xahiş edirik, dəstəyi asın. Bizim də işimiz var, xidmət göstəririk, belə olmaz. – Sintetik səsdə giley-güzar eşitmək qəribə idi.
– Doğrudur, dəstəyi asmaq yəqin ki, yadımdan çıxıb, amma bilmirdim ki, bu səbəbdən kimsə mənə zəng edib xəbərdarlıq edəcək. – deyə cavab verdim.
– Yox, bu zəng deyil.
– Bəs siz mənimlə necə belə əlaqə qurdunuz?
– Bu peşə məlumatıdır. Ətraflı deyə bilmərik. Xahiş edirəm, dəstəyi asın.
Deyəsən, ev telefonum dinlənilirdi. Axı hansı səbəbdən? Necə ola bilər ki, mən dəstəyi asmadan başqa bir şəxs mənə rahatlıqla zəng edə bilir? Beynimdə çoxlu suallar yaranırdı, həm də bir az qorxmağa başlayırdım. Heç bir yerdə səhvə yol vermədiyimi düşünürdüm. Bu necə mümkündür?
– Yox, izah edin, mənim nömrəmi haradan bilirsiniz və məndən nə istəyirsiniz? – düşündüm səsimə sərtlik versəm, bir qədər həyasızlıq etsəm, bəlkə də bəzi şeyləri aydınlaşdıra biləcəm.
– Axı dedim, telefonun dəstəyini asın və mən də işimə davam edim. Başqa heç nə istəmirəm.
– Siz deyəsən məni dinləyirdiniz? Kimsiniz? Haradan zəng edirsiniz? – birbaşa olmalı idim, vaxt azalırdı.
– Axı niyə başa düşmək istəmirsiniz? Dəstəyi asın, hər şey bununla bitəcək. Özünüz işinizi uzadırsınız, – dedi sintetik səs. Görəsən, səbri tükənirdi?
Mən inadımda qalırdım. Cavab almaq ümidi ilə yox, sadəcə xəttin o başındakı quru, bürokratik səsin arxasındakı mexanizmi anlamaq, içimdə baş qaldıran o absurd qorxunu birtəhər boğmaq üçün dəstəyi qulağıma daha bərk sıxdım.
– Mən heç nəyi uzatmıram, – dedim, səsimin titrəməməsinə çalışaraq. – Siz sadəcə bir şeyi unudursunuz: dəstək asılmayıbsa, xətt məşğuldur. Məşğul xəttə kənardan zəng çatmaz. Siz mənə zəng etməmisiniz. Siz artıq bu xətdə idiniz. Elə deyil?
Xəttin o başından bir anlıq dərin sükut gəldi. Sanki qarşı tərəfdəki adam proqramlaşdırıldığı alqoritmdən kənar bir cümlə eşitmişdi. Amma bu sükut cəmi iki saniyə çəkdi, sonra yenə eyni monoton, heç bir emosiya ifadə etməyən səs eşidildi:
– Vətəndaş, dövlətin rabitə şəbəkəsinin arxitekturasını müzakirə etmək sizin səlahiyyətiniz daxilində deyil. Sistem işləyir. Siz isə sistemi məşğul edirsiniz. Sonuncu dəfə xəbərdarlıq edirəm, dəstəyi yerinə qoyun.
Qoymuram! – bu dəfə səsim daha qətiyyətli çıxdı. – Kimə hesabat verdiyinizi, mənim bu otaqda nə danışdığımı kimin üçün qeyd etdiyinizi bilmək mənim haqqımdır. Mən indicə... – Sözümü bitirə bilmədim. Xətdən qəfildən elə bir səs gəldi ki, bədənim buz kəsdi. Bu, insan səsi deyil, mexaniki bir klikləmə və ardınca gələn dəhşətli dərəcədə tanış bir səs yazısı idi.
“...Bəli, hazıram. Yox, hələ çıxmamışam, eyvandan baxıram. Narahat olma, heç kim bilmir...”
Bu, bir neçə dəqiqə əvvəl etdiyim danışığın lent yazısı idi. Öz səsimi kənardan eşitmək mənə o qədər yad və qorxulu gəldi ki, sanki qarşımda qəfildən görünməz bir güzgü açılmışdı. Səs yazısı başladığı kimi qəfildən kəsilsə də, güzgüdə özümü al-qan içində görürdüm. Yenə həmin quru səs qayıtdı:
– Gördünüzmü? Hər şey qeyd olunur. Amma sizin zənn etdiyiniz səbəbdən yox. Biz sadəcə... hesabat aparırıq. İndi isə lütfən, dəstəyi asın. Bizə növbəti xəttə keçmək lazımdır. – sintetik səsdə ümid sezirdim. Yəqin məni qorxutduğunu düşünürdü.
Bu dialoqun absurdluğu məni tamamilə iflic etmişdi. Uzun müddətdən sonra ilk dəfə daxildən acizliyimi hiss etməyə başladım, lakin bunu kənara göstərməməli idim. Dəstəyin digər tərəfindəki şəxs və ya nəsnə fərdi azadlığın və gizliliyin pozulmasını elə adi, gündəlik bir zavod işi kimi təqdim edirdi ki, bir anlıq öz şüurumdan şübhələndim. Sanki böyük, dişli bir çarxın içində idim və bu adam sadəcə həmin çarxın yağlanmasına cavabdeh olan kiçik bir detal idi. Onun üçün mənim qorxum və məxfiliyim yox, sadəcə “resursun israfı” önəmli idi. Onlar bizim telefon danışıqlarımızda, evimizin içində, bir sözlə, beynimizin içində idilər.
Dəstəyi yavaşca qulağımdan uzaqlaşdırdım. Telefon aparatına baxdım – illərdir evimizin küncündə duran, toz basmış o qara plastik kütlə indi mənə divarın içindən boylanan qəzəb dolu göz kimi görünürdü. Nə isə mənim üzərimə dişlərini qıcayırdı. Az qalmışdı…
Dəstəyi yerinə qoymadım. Onu yavaşca mətbəx masasının üzərinə buraxdım. Daxilən müəyyən bir nikbin güc hiss edirdim.
Əgər həmin xanım xəttin o başındadırsa və məni dinləyirsə, qoy masanın taxtasının səsini, divar saatının saniyəölçəninin çıqqıltısını, bir də qorxu içində sürətlənən nəfəsimi eşitsin. Qoy resursların israfı davam etsin! Eyvana tərəf addımladım. Şəhərə baxmaq istəyirdim. Görəsən, bu binalarda daha neçə nəfər dəstəyi asmağı unudub? Gecələr şəhərin işıqları sayrışacaq, amma görəsən, bu gecə o mənzərəni bir daha görmək qismət olacaqmı?
Arxamca masanın üzərindən hələ də çox zəif, bəzən qırıq-qırıq, mikroskopik bir səs gəlirdi: “Vətəndaş... zəhmət olmasa...”
Tədricən bu səs qadın səsi olmaqdan çıxıb, mexaniki və sintetik bir səsə çevrilirdi. Deyəsən, nə ilə qarşı-qarşıya olduğumu tam başa düşməmişdim. Hər şey düşündüyümüzdən daha qorxulu və mürəkkəb idi, çünki bizim dərketməmizlə oynanılırdı. Səs tədricən ingilis dilinə keçdi: “Do not waste our resources... Kill this line… Do not waste our resources…Kill this individual…”
Bakı, May-İyun 2026.

Comments
Post a Comment