Həndəsi Şahid
Bəzən bəşəriyyətin bəzi macəraları haqda uzun-uzun danışmağa ehtiyac olmur. Bəzən hər şeyi bir göz qırpımında təxəyyül canlandıra bilir. Odur ki, uzun illər öncə səmada zülmət qara rəngdə, kvadratşəkilli nə isə peyda oldu. Dünyanın hər bir nöqtəsindən görünürdü və insanların ağlını alıb-aparırdı. Hamı sual verirdi: bu nədir? Bir neçə onillik ərzində araşdırıldı. Alimlər suallar verdi, yaxınlaşmağa çalışdı, fasiləsiz müşahidələr apardı, amma heç nəyi aydınlaşdırmaq mümkün olmadı. Sonra hərbçilər siyasətçiləri inandırdılar ki, bu bütün bəşəriyyətə böyük təhlükə təqdim edən yadplanetli silahıdır. Bütün mümkün silahlarla ona hücumlar edildi. Heç nə dəyişmədi. Sonra insanlar kvadrata ibadət etməyə, öz aralarında onun haqqında hekayələr, rəvayətlər və miflər uydurmağa başladılar. Sonda isə belə bir yanaşma formalaşdı ki, bəs bu nəsnə çox-çox uzaqlara aparan bir keçid, yaxud da qapı kimi bir şeydir. Ora daxil olan bir kimsə və ya hər nə isə müəyyən bir uzaq mənzilə yola düşür və bir daha heç vaxt geri gəlmir. Belə bir düşüncəyə üstünlük verildi ki, o keçiddən keçib-gedənlər geri dönməyə ehtiyac hiss etmir, ona görə də kvadrat bəlkə də ölümün özü, ya da yeni bir forması idi. Ola bilsin kvadrat kiminsə bizə yazığı gəldiyi üçün ikinci şans idi, çünki hər şey get-gedə pisləşirdi. Uzun illərdən sonra kvadrat hələ də qeyri-müəyyənliyin, heç vaxt geri gəlməyəcək səyahətlərin başlanğıcı olmağını qoruyub saxlayırdı.
Məhz bu "heç vaxt geri gəlməmək" faktı əvvəllər insanları dəhşətə gətirsə də, zaman keçdikcə bəşəriyyətin yeganə təsəllisinə çevrildi. Aşağıda, Yer kürəsində isə həyat artıq özünün son, ən əzablı günlərini yaşayırdı. İqlim fəlakətləri qitələri tanınmaz hala salmış, quruyan okeanlar və zəhərli atmosfer insanlığı yeraltı sığınacaqlara məhkum etmişdi. Tükənmiş su və enerji ehtiyatları uğrunda gedən bitib-tükənməyən qlobal müharibələr cəmiyyəti içəridən çürütmüş, əxlaq, qanun və empatiya anlayışlarını yox etmişdi. İnsanlıq sadəcə fiziki olaraq məhv olmur, eyni zamanda mənəvi bir uçuruma, dərin bir ekzistensial böhrana yuvarlanırdı.
Gecələr tozlu, qızararaq boğucu bir rəng almış səmaya baxan ac və ümidsiz kütlələr üçün o qaranlıq kvadrat artıq qorxulu bir anomaliya deyildi. O yeganə çıxış yolu idi. Tədricən "Böyük Köç" adlandırılan dövr başladı. Əvvəlcə zənginlər və güclülər nəhəng kosmik gəmilər inşa edərək o qaranlığa doğru yola düşdülər. Sonra hökumətlərin qalıqları, daha sonra isə adi insanlar nəyin bahasına olursa-olsun o keçidə çatmaq üçün sadə kapsullar, təhlükəsizlik qarantiyası olmayan ibtidai raketlər yığmağa başladılar. Bilet tapmayanlar üsyan edir, kosmodromlara hücum çəkirdilər. Hər kəs bilirdi: oradan qayıdış yoxdur. Bəlkə də o keçidin arxasında xilasedici bir cənnət, yeni bir planet yox, sadəcə mütləq bir heçlik, ani ölüm dayanmışdı. Lakin bəşəriyyətin düşdüyü böhran o qədər dözülməz, yerdəki cəhənnəm o qədər dəhşətli idi ki, mütləq yoxluq belə bu planetdə qalmaqdan daha cazibədar görünürdü.
Göy üzündəki qara kvadrat isə səssizcə onları udur, heç bir vəd vermir, heç bir xilas zəmanəti təqdim etmirdi. O, qapqaranlıq, nəhəng bir məzarlığı xatırladırdı. Onun yeganə təklifi bəşəriyyətin uzun müddət ehtiyacı olduğu səssizlik idi. Möhtəşəm və müəzzəm idi; səmadan bizə açılan iri bir göz kimi idi; həm bizə baxırdı, həm də biz onun vasitəsi ilə nələrisə görməyə cəhdlər edirdik. Kainatda ilk dəfə idi ki, kürədən fərqli bir həndəsi formaya sahib nəsnə özünə bu dərəcədə möhkəm və layiqli yeri bəşəriyyətin düz başı üzərində qazanmışdı.
Bir zamanlar ulduzları kəşf etmək, elm və zəka ilə kainata hökmranlıq etmək xəyalları ilə yaşayan qürurlu insan irqi, indi kosmosu fəth etmirdi; bəşəriyyət sadəcə öz yaratdığı cəhənnəmdən qaçırdı. Qara kvadrat bəşəriyyətin öz evini necə məhv etdiyinin və son çarəni qaranlıq bir məchulluqda – bəlkə də kütləvi intiharda – axtaracaq qədər necə acizləşdiyinin hərəkətsiz, qüsursuz həndəsi şahidi idi.
Hər gün minlərlə gəmi o zülmətə daxil olur və Yer kürəsi içindəki son insanla birlikdə tam sükuta doğru bir addım da yaxınlaşırdı. Kvadrat hələ də oradadır. Heç vaxt bağlanmayacaq qapı kimi kainatın qaranlığın ürəyinə açılan nəhəng, buz kimi soyuq bir uçurum olaraq lal-dinməz gözləyirdi. Onun həndəsi qüsursuzluğu içindən süzülən əbədi zülmət, bəşəriyyətin çarpan son nəbzlərini və ümid qığılcımlarını səssizcə udur; geridə nə bir xatirə, nə də bir fəryad sədası buraxırdı. O tayda yalnız zamanın özünün belə mənasını itirdiyi, ulduzsuz və sonsuz bir heçlik uzanırdı. Ona ibadət etmək lazım idi.
Bakı, 25 iyun, 2026.

Comments
Post a Comment